SİYASƏT
Ukraynalı həmvətənlərimiz Çernobıl qəzasının nəticələrini aradan qaldıran azərbaycanlıları unutmamışlar
Kiyev, 2 may (AZƏRTAC). Kiyevdəki 37 nömrəli orta məktəbin Azərbaycan dili sinfində Çernobıl qəzasının 25-ci ildönümünə həsr olunmuş məşğələ keçirilmişdir. Tədbiri Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzi ilə birlikdə təşkil etmişdir.
Heydər Əliyev adına Mərkəzin direktoru Arif Quliyev tədbiri giriş gözü ilə açmışdır.
UAK-ın Kiyev təşkilatının sədri Oleq Krapivin Çernobıl AES-də baş vermiş qəzanın nəticələrini aradan qaldıran azərbaycanlı ləğvediciləri konqresin fəxri fərmanları ilə mükafatlandırmış, onlara maddi yardım təqdim etmişdir.
Ukraynada azərbaycanlıların diaspor hərəkatının başçılarından biri Firudun Məmmədov da UAK-ın Kiyev təşkilatının fəxri diplomuna layiq görülmüşdür.
Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş həmvətənlərimiz Şakir Yəhyayev, Əli Əliməmmədov və Fəxrəddin Həşimov tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
Şagirdlər qəhrəmanlıq mövzusunda şeirlər oxumuşlar.
Tədbir məktəbin həyətində başa çatmışdır. Uşaqlar bəşəriyyətin bir daha heç vaxt belə texnogen fəlakətlərlə üzləşməməsi arzuları ilə səmaya qara rəngli şarlar buraxmışlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
######