CƏMİYYƏT
Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans təşkil edilib. Mərkəzin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sosial pedaqoji və psixoloji dəstək departamentinin müdiri Nigar Arif-Poladlı mərkəzdə həyata keçirilən multidisiplinar fəaliyyətə dair 9 aylıq hesabatın nəticələri ilə bağlı təqdimat edib. Mərkəzdə ümumilikdə 14 yaradıcılıq istiqaməti üzrə təlim alan benefisiarlar arasında əlilliyi olan şəxslər, aztəminatlı ailələrin üzvləri, valideyn himayəsindən məhrum, valideynini itirmiş uşaq və yeniyetmələr, şəhid ailələrinin üzvləri üstünlüyə malikdirlər. Mərkəzin benefisiarlarının cəmiyyətə inteqrasiyasını gücləndirmək üçün paralel olaraq multidisiplinar qrup ilə birgə iş aparılır. Uşaq və böyüklər üçün iki multidisiplinar qrup formalaşdırılıb. Bu komandaya həkim-psixiatr, sosial işçi, klinik psixoloq, uşaq psixoloqu və psixo-pedaqoq daxildir. Tələbat və ya ehtiyac olduqda bu komandaya defektoloq-loqoped, həmçinin surdoloq da əlavə olunur. Benefisiarlarla fəaliyyət planı beynəlxalq standartlara uyğun aparılır, ÜST tərəfindən təsdiq olunmuş CARe metodologiyasına əsaslanır. CARe (Reabilitasiyaya Kompleks yanaşma) bərpa və psixososial reabilitasiya prinsiplərinə istiqamətləndirilmiş modeldir.
Doqquz aylıq fəaliyyətin statistik göstəricilərinə görə, mərkəzdəki benefisiarların 94,3 faizinin psixosomatik vəziyyətində stabilləşmə, 97,5 faizində sosial adaptasiya və rahat ünsiyyət bacarığı, təxminən 94 faizində təlimçilərin verdiyi tapşırıqları yerinəyetirmə vərdişi, 91,8 faizində diqqət və konsentrasiyanın inkişafı formalaşıb. Multidisiplinar yanaşmaya müvafiq olaraq, benefisiarların valideynləri ilə ayrıca iş aparılıb və onlar da sosial-psixoloji dəstək layihələrinə cəlb ediliblər.
Konfransda “Vətən müharibəsi iştirakçılarına psixososial yardım sahəsində görülən işlər”, “Psixososial Reabilitasiya və psixi xəstəliklərin adaptasiyası”, “Azərbaycanda psixoloji reabilitasiya potensialının artırılması”, “Sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin psixososial reabilitasiyaya cəlb olunmasının əhəmiyyəti” mövzusunda məruzələr edilib. ÜST-nin Azərbaycandakı nümayəndəliyinin Psixi Sağlamlıq və Psixososial Dəstək (MHPSS) üzrə fəaliyyəti və “MhGAP” layihəsi haqqında məlumat verilib.
Tədbir mərkəzin benefisiarlarının ifasında konsert proqramı ilə davam etdirilib. Proqram çərçivəsində qonaqlara benefisiarların ifasında vokal və instrumental musiqi kompozisiyaları, kapoeyra teatral nömrəsi təqdim olunub.
Foyedə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının, Respublika Psixiatriya Xəstəxanasında müalicə alan şəxslərin əl işlərindən ibarət sərgi-satış təşkil edilib.