REGİONLAR
Vətən müharibəsi şəhidi Mehdi Qənbərlinin xatirəsi anılıb VİDEO
Lənkəran, 3 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC
İşğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də Mehdi Qənbərlidır. Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman ölümündən sonra dörd medalla təltif edilib. Bu gün Vətən müharibəsində tarix yazan şəhidimizin anım günüdür.
AZƏRTAC xəbər verir ki, Mehdi Sübhi oğlu Qənbərli 2001-ci il avqustun 27-də Lənkəran rayonunun Osaküçə kəndində dünyaya göz açıb. Orta məktəbə doğulduğu kənddə gedən Mehdi uşaq vaxtından zəhmətə qatılaraq, evin böyük övladı kimi atasına kömək edib, daim ona yardımçı olub.
2019-cu ildə həqiqi hərbi xidmətə çağırılan Sübhi Vətən torpaqlarını qəhrəmancasına qorudu. Döyüş meydanında ona verilən tapşırıqların öhdəsindən məharətlə gəldi.
“İllərdir zəhmət çəkdiyim, böyütdüyüm oğlumu itirmək mənim üçün çətindir. Amma təsəllim odur ki, oğlum Vətən uğrunda canından keçdi. Vətən bizim üçün hər şeydən əzizdir. Vətən sevgisi ailəmizdə həmişə olub. Mehdi də uşaqlıqdan Vətən sevgisi ilə böyüyüb”, - deyə şəhidin atası Sübhi vurğulayıb.
Mehdinin həmkəndlisi, ziyalı Bəxtiyar Hüseynov bildirib ki, işğalçı Ermənistan ordusu cəmi 44 günlük Vətən müharibəsində "Dəmir yumruq" əməliyyatı ilə diz çökdürüldü, məğlub edildi, Azərbaycan xalqının Qarabağ nisgilinə, Qarabağ həsrətinə son qoyuldu: “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Mehdi kimi oğullar canlarını, qanlarını verdilər. Onların hər biri bizim fəxrimizdir. Mehdi kəndimizin ilk şəhididir. Əlbəttə ki, bu oğullar şücaət, qəhrəmanlıq göstəriblər. Bu Vətən bizim hamımızındır”.
Kənd ağsaqqalı Qarakişi Cahangirov isə qeyd edib ki, vətənpərvərlik hissi, döyüş ruhu lənkəranlı gənclərdə hər zaman olub və bundan sonra da belə olacaq: “Biz bundan sonra bir ömür boyu şəhidlərə borcluyuq. Onların valideynlərinə, ailələrinə borcluyuq. İndi dünya igidlərimizin yazdığı tarixdən danışır. Torpaqlarımız azaddır. Bunun üçün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin”.
Noyabrın 2-si Şuşa ətrafında gedən döyüşlərdə düşmən snayperindən açılan atəşlə şəhid olan əsgər Mehdi Qənbərlinin Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilib. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.