REGİONLAR
Xalq artisti Elşən Mansurov NDU-nun tələbələrinə onlayn ustad dərsi keçib
Naxçıvan, 2 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində Xalq çalğı alətləri kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, dosent Elşən Mansurov tərəfindən “Rast muğamının təhlili” mövzusunda onlayn dərs olub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev çıxış edərək, Musiqi Kolleci və ali təhsil ocağının tələbələri üçün respublikanın məşhur sənət adamları ilə mütəmadi görüşlər təşkil olunduğunu qeyd edib. Bildirib ki, kafedranın tərkibində fəaliyyət göstərən universitetin müəllim və tələbələrindən ibarət “Buta” instrumental ansamblı ölkədə və beynəlxalq müsabiqələrdə, eyni zamanda, muxtar respublikanın mədəni-kütləvi tədbirlərində uğurla çıxış edir.
Universitetin Xalq çalğı alətləri kafedrasının müdiri İmamqulu Əhmədov mövzu barədə məlumat verərək deyib ki, bütün digər muğamların əsası olan rast muğamı Azərbaycan musiqisində 7 əsas məqamdan birincisi sayılır. Bu muğam növünün incəlikləri universitetdə də tələbələrə öyrədilir.
Sonra Elşən Mansurov çıxış edərək, keçirilən onlayn dərsin əhəmiyyətini vurğulayıb. Xalq artisti rast muğamı və onun şöbələri haqqında məlumat verib, hər birini kamançada ifa edib.
Mahir kamança ifaçısı tələbələrin suallarını ətraflı cavablandırıb.