RƏSMİ XRONİKA
“XANLAR AQRAR-SƏNAYE” ASC FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də “Xanlar aqrar-sənaye” Açıq Səhmdar Cəmiyyətinə gəlmişdir.
Burada dövlətimizin başçısını böyük səmimiyyətlə və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə müəssisənin sxematik planı ilə tanış oldu, keçmişini və bu gününü əks etdirən fotoşəkillərə baxdı. Prezidentə məlumat verildi ki, bu müəssisə 1860-cı ildə alman kolonistləri - Forer qardaşları tərəfindən tikilmişdi. Dövlətimizin başçısı düyməni basıb, sexi işə saldı, məhsulun istehsalı və qablaşdırılması proseslərini izlədi.
Müəssisə uzun fasilədən sonra, 2006-cı ildə keçmiş “Xanlar aqrar-sənaye” kombinatının bazasında yaradılmışdır. İtaliyadan gətirilmiş avadanlıq quraşdırılmış, istehsal gücü saatda 6 min butulka olan araq süzmə, 3 min butulka olan şərab sexləri və istehsal gücü sutkada 500 dekalitr olan konyak spirtli sexi yenidən qurularaq işə salınmışdır. Polşa və Rusiya şirkətləri ilə müqavilə bağlanaraq, 3 milyon ədəd butulka sifariş olunmuşdur. Fransa, İtaliya və digər Avropa ölkələri ilə danışıqlar aparılır.
Bu yaxınlarda isə Türkiyə və İtaliyanın birgə istehsalı olan “Erensan” qazanları quraşdırılmış, laboratoriya tamamilə yenidən qurularaq, müasir avadanlıqla təchiz olunmuşdur. Hazırda müəssisədə 380 nəfər işləyir, gələn il onların sayı 1500 nəfərə çatdırılacaqdır. Orta aylıq əmək haqqı 220-250 manatdır. Zavod ildə 25 min ton üzüm qəbul etmək gücünə malikdir. Özünün 305 hektar üzüm bağı var, bunun 100 hektarı təzə salınmışdır.
Dövlətimizin başçısı müxtəlif çeşidli hazır məhsullara, o cümlədən ixraca göndərilən məhsulların nümunələrinə baxdı. Sonra Prezident İlham Əliyev üzüm qəbulu məntəqəsi, sexlərlə tanış oldu. Dərinliyi 15 metr olan və təbii havalandırma sisteminə malik zirzəmidə çəlləklərdə saxlanılan məhsullara baxdı. Ölkəmizdə belə müəssisələrin olmasının zəruriliyini bildirən dövlətimizin başçısı bu cür potensial imkanlara malik zavodun məhsullarının xarici bazarlara Azərbaycan markası altında çıxarılmasını yüksək dəyərləndirdi.
######