RƏSMİ XRONİKA
XANLAR RAYON MƏRKƏZİ XƏSTƏXANASININ TİKİNTİSİ DAVAM EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Xanlar rayonu Mərkəzi Xəstəxanasının tikintisinin baş planı ilə tanış olmuşdur.
Bu xəstəxana Dövlət proqramına əsasən, Səhiyyə Nazirliyinin sifarişi ilə “Terminal İ.T” müəssisəsi tərəfindən tikilir.
Prezident İlham Əliyev xəstəxananın baş planına və fotolayihəsinə baxdı. Tikintisinə 2006-cı ilin dekabrında başlanmış xəstəxana 2009-cu ilin əvvəlində istifadəyə veriləcəkdir. Ümumi ərazisi 3 hektardır. Burada poliklinika, uşaq və qadın məsləhətxanası da yerləşəcəkdir. Təsərrüfat korpusu, qazanxana, su hovuzu, avtomobil dayanacağı da olacaqdır. 180 çarpayılıq xəstəxanada 95 tibb işçisi fəaliyyət göstərəcəkdir.
Prezident İlham Əliyev binanın xarici görünüşünün müasirliyinə diqqət yetirməyin və tikinti işlərinin yüksək keyfiyyətlə aparılmasının zəruriliyini vurğuladı. Bildirdi ki, Azərbaycanda hər bir səhiyyə obyekti ən yüksək standartlara cavab verməlidir.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də, Xanlar rayonuna səfərinin sonunda Yeni Zod kəndinə gedərək, Ermənistandan didərgin düşmüş və burada məskunlaşmış soydaşlarımızla görüşdü, onların yaşayış şəraiti ilə tanış oldu, qayğı və problemləri ilə maraqlandı.
Bununla da Prezident İlham Əliyevin regionlara növbəti səfəri başa çatdı.
######