SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRUŞ
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litva Respublikasının xarici işlər naziri, Antanas Valionis ilə görüşmüşdür.
Araz Əzimov vurğuladı ki, bir il əvvəl Avropa Şurasına üzv qəbul edilən Azərbaycan bu quruma daxil olunarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Azərbaycan Prezidentinin amnistiya haqqında bu yaxınlarda verdiyi Fərman, ölkəmizin Avropa Şurasının konvensiyalarına qoşulması buna misal ola bilər.
Araz Əzimov Dağlıq Qarabağ münaqişəsindən söhbət açaraq, Azərbaycanın bu problemin dincliklə həllinə sadiq olduğunu vurğuladı.
Bakıya ilk dəfə gəldiyini bildirən cənab Antanas Valionis Azərbaycanda aparılan demokratik dəyişikliklərdən məmnun qaldığını söylədi.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olundu.
Litvanın Azərbaycandakı səfiri Qalina Kobeskayte görüşdə iştirak edirdi.