İQTİSADİYYAT
Xəzər Dəniz Gəmiçiliyi koronavirusla bağlı ehtiyat tədbirlərini davam etdirir
Bakı, 25 fevral, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) koronavirusla (2019-nCoV) bağlı ehtiyat tədbirlərini davam etdirir.
QSC-dən AZƏRTAC-a bildirilib ki, şirkətin balansında olan gəmilərdə, struktur idarələrinin ərazilərində, keçid-mühafizə postlarında və yeməkxanalarında mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Müəyyənləşdirilmiş qrafikə əsasən, fevralın 24-də ASCO-nun Xəzər Dəniz Neft Donanmasının inzibati binasında, “General Əsədov”, “Lütoqa”, “İrgiz” və “Ədalət Gülməmmədov” gəmilərində, eləcə də Dəniz Nəqliyyatı Donanmasının “Bəstəkar Qara Qarayev” və “Naxçıvan” gəmilərində tələblərə uyğun dezinfeksiya işləri aparılıb. İşlər xüsusi lisenziya əsasında fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış şirkətlə birlikdə Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının müşayiəti ilə həyata keçirilir.
Tapşrığa uyğun olaraq dezinfeksiya tədbirləri xüsusi qrafiklə gəmilərdə ayda bir dəfə, sahildə yerləşən strukturların inzibati binaları və ərazilərində isə iki dəfə yerinə yetiriləcək. Səlahiyyətli qurumların göstəriş və təlimatlarına müvafiq olaraq sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır. Bütün bunlarla bərabər, sahil heyətinin virusa yoluxmasına qarşı yönəlmiş tədbirlər çərçivəsində ASCO-nun “Dənizçilər poliklinikası” MMC-nin həkimləri ciddi maarifləndirmə işləri aparırlar.