ELM VƏ TƏHSİL
Xəzər dənizi yosunları ilə bağlı Qızılağac Milli Parkında tədqiqatlar aparılıb
Bakı, 14 dekabr, AZƏRTAC
Xəzər dənizi yosunlarının ekologiyası, bioresurslarının öyrənilməsi və praktiki məqsədlərlə istifadəsi üçün elmi-tədqiqat işlərinin aparılmasına dair AMEA Rəyasət Heyəti tərəfindən verilən tapşırığa uyğun olaraq Molekulyar Biologiya və Biotexnologiyalar və Botanika institutlarının bir qrup əməkdaşının Qızılağac Milli Parkına elmi ezamiyyəti təşkil olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədqiqat zamanı sahildə, dənizətrafı kanallarda və kiçik sututarlarda çöküntü şəklində rast gəlinən yosunlardan analiz üçün nümunələr götürülüb. Yosunların aktiv inkişaf dövründə nümunələrin götürülməsi üçün ərazilər müəyyənləşdirilib.
Milli parkın əməkdaşlarının iştirakı ilə elmi müzakirələr aparılıb, tədqiqatların məqsədi, dənizdə yosunların intensiv çoxalma və çiçəkləmə dövrləri barədə informasiya mübadiləsi aparılıb. Molekulyar Biologiya və Biotexnologiyalar və Botanika institutlarının birgə elmi tədqiqatlarının növbəti mərhələləri müəyyənləşdirilib.