QAN YADDAŞI
“Xocalı genosidi tarixi həqiqətlər” mövzusunda “dəyirmi masa”
Bakı, 31 mart, Aynur İsmayılova, AZƏRTAC
Martın 31-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 mart- Azərbaycanlıları Soyqırımı Gününə həsr edilmiş “Xocalı genosidi tarixi həqiqətlər” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir kitabxana və Dünya Azərbaycanlı Gənclərinin həmrəyliyinə Dəstək İctimai Birliyinin (İB) təşkilatçılığı il reallaşıb.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Tahir Sadıqov o hadisələrin heç vaxt unudulmayacağını söyləyib və xalqımızın başına gətirilən müsibətlərdən söz açıb.
Tədbirdə İB-nin sədri Tofiq Əlizadə, Qarabağ döyüşlərinin iştirakçısı, yazıçı Yahya Yusif Caniyar, şairlər Oqtay Rza, Zərəngiz Qayalı, Zakir Ağdamlı və başqaları Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların başına gətirilən müsibətlərdən və şəhərin erməni silahlı dəstələri tərəfindən dağıdılmasından söz açıblar. Vurğulanıb ki, 1918-ci ilin martında ermənilər təkcə Bakıda otuz mindən çox əhalini xüsusi amansızlıqla qətlə yetiriblər. Mart soyqırımı zamanı erməni daşnakları Bakının şəhər camaatından o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaş və əmlak ələ keçirib.
Tədbirin sonunda məktəblilərin ifasında soyqırımı hadisələrinə həsr edilmiş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub.