MƏDƏNİYYƏT
XOCALI MƏKTƏBLİLƏRİ ARASINDA MÜSABİQƏ
Azərbaycan Mədəniyyət Fondunda “İstedad” jurnalının ibtidai və aşağı sinif şagirdləri üçün çap etdirdiyi “Tətil kitabı” və “Qızıl qönçələr” kitablarının Xocalı rayonu məktəblərinə təqdim olunması ilə bağlı mərasim keçirilmişdir.
Norveç Qaçqınlar Şurası həmin kitabların hərəsindən 200 nüsxə alıb Xoçalı rayon təhsil şöbəsinə vermışdır və bunlar rayonun 9 orta məktəbinin ibtidai və aşağı sinif şagirdlərinə paylanacaqdır. Bundan məqsəd həmin kitabların yaxşı mənimsənilməsini təşkil etmək üçün şagirdlər arasında müsabiqə keçirməkdir.
Norveç Qaçqınlar Şurasının və Mədəniyyət Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəyə şagirdlərin yay tətilindən sonra-sentyabr ayında yekun vurulacaq, qaliblər mükafatlandırılacaqdır. Müsabiqə Bakıdakı 160 nömrəli məktəbin müəllimlərinin tərtib etdikləri test sulları əsasında keçiriləcəkdir.
Mədəniyyət Fondu idarə heyəti sədrinin müavini Rafiq Kaşanlı, Norveç Qaçqınlar Şurasının əməkdaşı Sübhan Əhməd, Xocalı rayon təhsil şöbəsinin müdiri Murad Şükürov və başqaları mərasimdə çıxış edərək, bu tədbirin məktəblilərin mənəvi tərbiyəsi, yay tətilini səmərəli keçirməsi üçün əhəmiyyətindən danışdılar.