SİYASƏT
YAP Qazax rayon təşkilatı qadınlar şurasının yeni tərkibi seçilmişdir
Qazax, 25 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı qadınlar şurasının 3-cü konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda YAP Qazax rayon təşkilatı qadınlar şurasının sədri Nəsibə Tağıyeva hesabat məruzəsi ilə çıxış etmişdir. O, məruzəsində qadınlar şurasının ötən konfransdan indiyədək olan dövrdə gördüyü işlərdən, həyata keçirilən tədbirlərdən və 2013-cü ildə prezident seçkilərində rayon qadınlarının fəallığından ətraflı danışmışdır.
Məruzə ətrafında YAP Qazax rayon təşkilatı şurasının üzvləri Səfurə Rəhimova, Tərlan Bədəlova və başqaları çıxış edərək ötən konfransdan indiyədək görülən işləri qənaətbəxş hesab etmişlər.
Konfransda açıq səsvermə yolu ilə Asya Alhüseynova YAP Qazax rayon təşkilatı qadınlar şurasının sədri, Afət Eyyubova sədrin müavini seçilmişlər.
Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilmişdir.
Konfransda YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək qadınların cəmiyyətdəki rolundan ətraflı danışmışdır.