MƏDƏNİYYƏT
“YARAT”da “Selector PRO” musiqi forumuna başlanılıb
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Selector PRO” adlı musiqi forumuna start verilib.
AZƏRTAC xəbər verir ki, forum “British Council” təşkilatının “ASAN Radio” və “YARAT” Müasir İncəsənət Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində gerçəkləşib.
Tədbirdə “YARAT” Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Fərhad Abdullayev, “ASAN Radio”nun rəhbəri Emin Musəvi və “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elizaveta Vayt çıxış edərək forumun əhəmiyyətindən danışıblar.
Vurğulanıb ki, Böyük Britaniyanın və Azərbaycanın görkəmli musiqi nəzəriyyəçilərinin və mütəxəssislərinin bir arada toplandığı bu forum iki gün davam edəcək.
Forumun proqramına radio verilişlərinin hazırlanma prosesini müzakirə etmək məqsədilə radio DJ-ləri üçün təşkil olunan seminarlar, habelə hər iki ölkənin musiqi sənayesini müzakirə etmək üçün keçirilən ictimai tədbirlər daxildir.
Diqqətə çatdırılıb ki, “British Council” təşkilatı tərəfindən hazırlanan “Selector” radio-şousu hər həftə Londondan yayımlanır və 40-dan çox ölkədə 3 milyonadək dinləyicini əhatə edir. Radio-şounun hər bir buraxılışında London şəhərində müğənnilərdən alınmış müsahibələrə, onların rəylərinə, canlı ifalara və studiya yazılarına yer verilir və Azərbaycanın yerli radiolarında da yayımlanır.
Bildirilib ki, “Selector PRO” həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. Həmçinin “Selector PRO” tədbirlərinin sırasına açıq konfrans, DJ tədbiri və Britaniyanın və Azərbaycanın aparıcı musiqiçilərinin və jurnalistlərinin iştirakı ilə təşkil olunan seminarlar daxildir.