QAN YADDAŞI
YARDIMLIDA SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Yardımlı, 31 mart (AZƏRTAC). Yardımlı Rayon İcra Hakimiyyətində 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mərasimdə şəhidlərin xatirəsi dərin hüznlə anılmışdır.
Rayon ictimaiyyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək, abidə kompleksinin önünə gül dəstələri düzmüşlər. Burada şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək, ermənilərin törətdikləri soyqırımı nəticəsində yüz minlərlə azərbaycanlının dədə-baba torpaqlarından qovulduğunu, müxtəlif təzyiq və təhqirlərə məruz qaldığını bildirmiş, erməni millətçilərinin 200 ilə yaxın bir dövrdə soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri pisləmişdir. Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Toplantıda rayon icra hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Şakir Kərimovun 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı məruzəsi də dinlənilmişdir.