SİYASƏT
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirmişdir
Bakı, 9 iyun (AZƏRTAC). İyunun 9-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən 15 İyun - Milli Qurtuluş Gününün 21-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev haqqında filmə baxmışlar.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı tədbirdə çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqı birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoymuş, təkidlə Ümummilli Liderin hakimiyyətə qayıdışını tələb etmişdir. 1993-cü ilin iyun ayında ölkədə böhran ən acınacaqlı həddə çatmışdı. Bu anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan bir insan - Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Ulu Öndər uzaqgörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi. Heydər Əliyev belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıtdı və Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən xilas etdi.
M.İbrahimqızı vurğulamışdır ki, Heydər Əliyev irsinə müasir dövrümüzdə belə böyük marağın, məhəbbətin yaranması, onun fəaliyyətinin araşdırılması məhz bu səbəblərdən irəli gəlir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, YAP Nəsimi rayon təşkilatının Şura üzvü Əlirza Süleymanov, Cəmiyyətin şöbə müdiri, YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü Xeyrulla Hümbətov və başqaları Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi illərdə əldə olunmuş nailiyyətlərdən söhbət açmışlar. Onlar
Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə dağılmaqda, məhv olmaqda olan Azərbaycanda yeni bir dövrün başlandığını bildirmişlər. Qeyd etmişlər ki, buna görə də 1993-cü il iyunun 15-i Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.
Diqqətə çatdırılmışdır ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində ictimai-siyasi sabitlik bərpa olunmuş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olan bir qrup gəncə vəsiqələri təqdim edilmişdir.