CƏMİYYƏT
Yeni sahələr üzrə peşə hazırlığı kurslarına qeydiyyat davam edir
Bakı, 15 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə Hotellər və Restoranlar Assosiasiyasının (DAIR) birgə təşkil etdiyi turizm, qonaqpərvərlik və xidmət sahələri üzrə peşələr üzrə hazırlıq kurslarına müdavim qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, peşə hazırlığı kurslarında öyrədilən aşpaz (Azərbaycan kulinariyası), qənnadçı, ofisiant (banket və ziyafətlər üçün), ofisiant (yüksək kvalifikasiyalı), dağ turist marşrutları üzrə bələdçi, ekskursiya bələdçisi, qeydiyyatçı (mehmanxanada), konsyerj, mehmanxana qapıçısı (belman), otel xadiməsi (təmizlik işləri), barmen ixtisaslarına daha ikisi - turanimator, konfrans və tədbir təşkilatçısı peşələri də əlavə edilib.
Turizm, qonaqpərvərlik və xidmət sahələrində karyera imkanları əldə etmək, ixtisas almaq və ya peşə hazırlığını təkmilləşdirmək arzusunda olanlar kurslarda iştirak etmək üçün müraciət edə bilərlər. Peşə hazırlığı nəzəri və praktik təlimlər şəklində - turizm və qonaqpərvərlik biznesi müəssisələrində təcrübə keçməklə tədris ediləcək.
Kursların tədrisi Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin (ATHEC) peşəkar təlimçiləri cəlb olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzində aparılacaq.
Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunacaq. İşaxtaranlar üçün təhsil ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları uğurla bitirənlərə müvafiq sertifikatlar təqdim olunacaq və onların müvafiq işlə təmin olunmasına köməklik göstəriləcək.
Maraqlananlar yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Seçilən peşənin adı elektron məktubun mövzu bölməsində qeyd edilməlidir.
Əlaqə nömrəsi:
+99412 562 75 34 - Rəşad Muradov
+994 12 434 7877 - Rəna Babazadə/ whatsapp +99450 6610075