SİYASƏT
Yeni Zelandiyanın “Stuff.co.nz” xəbər portalında Azərbaycan haqqında məqalə yerləşdirilmişdir
London, 9 iyun (AZƏRTAC). Yeni Zelandiyanın “Stuff.co.nz” xəbər portalında Azərbaycan haqqında məqalə yerləşdirilmişdir.
Məqalənin əvvəlində Azərbaycanın coğrafi mövqeyi, strateji əhəmiyyəti haqqında məlumat verilir.
Azərbaycanın neft sənayesi tarixinə nəzər salınan məqalədə hazırda ölkəmizin dünyanın ilk 20 neft hasil edən dövlətləri sırasında olduğu diqqətə çatdırılır. Həmçinin ölkəmizin dünyanın ən böyük təbii qaz yataqlarından birinə malik olduğu vurğulanır. Yazıda məşhur səyyah Marko Polonun XIII əsrdə regiona səyahəti və ölkəmiz haqqında təsvirlərinə də yer verilir. Azərbaycanda neft ticarəti tarixinin III-IV əsrlərə gedib çıxdığı, lakin neft sənayesinin çiçəklənmə dövrünün XIX əsrə təsadüf etdiyi qeyd edilir. Bildirilir ki, 1901-ci ildə Azərbaycan nefti dünya neft hasilatının yarısını əhatə edirdi. Nobel qardaşları tərəfindən dünyanın ilk neft tankeri məhz Azərbaycanda inşa edilmişdir. Müəllif neft sənayesinin ölkə iqtisadiyyatının inkişafında böyük rol oynadığını vurğulayır.
Məqalədə, həmçinin Azərbaycanın tarixi memarlıq abidələrindən, Bakı şəhərinin heyrətamiz arxitekturası və paytaxtın gözəlliklərindən bəhs edilir. Bakının müasirliyi və gözəlliyi ilə inkişaf etmiş Qərb şəhərlərindən fərqlənmədiyi, son illər inşa edilən tikililərin dünya memarlıq inciləri sırasında özünəməxsus yer tutduğu vurğulanır. Bildirilir ki, paytaxtın simasına xüsusi yaraşıq verən, müasir incəsənətin rəmzi sayılan, alov dilləri formasında üç göydələndən ibarət “Alov qüllələri” və dünyanın nadir memarlıq nümunələrindən hesab edilən Heydər Əliyev Mərkəzi Bakını daha da gözəlləşdirir. Müəllif Heydər Əliyev Mərkəzinin tikinti üslubu və memarlıq xüsusiyyətlərindən, habelə binanın daxili ilə xarici arasında olan davamlı və axıcı həmahənglikdən yazır.
Azərbaycanı ziyarət edənlərin eşitdiklərindən daha heyranedici mənzərələrlə qarşılaşacaqları diqqətə çatdırılan məqalədə Heydər Əliyev Mərkəzinin, “Alov qüllələri”nin və neft buruqlarının fotoları da yerləşdirilmişdir.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar: http://www.stuff.co.nz/travel/destinations/asia/10127350/Dwarfed-by-Azerbaijans-surroundings
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London