ELM VƏ TƏHSİL
Yerdəyişmə ilə əlaqədar 10 min müəllim qeydiyyatdan keçib
Bakı, 8 may, AZƏRTAC
Müəllimlərin yerdəyişməsi ilə əlaqədar 10 min nəfər qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev mayın 8-də feysbuk üzərindən canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, bu proses elektron qaydada aparılır. Bu isə müsabiqənin şəffaflığını təmin edir.
Xatırladaq ki, mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib. Müsabiqənin elektron sənəd qəbulu mayın 16-dək keçiriləcək.
Müəllimlər müsabiqədə iştirak üçün www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.
Müsabiqə zamanı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Müsabiqənin sənəd qəbulu zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaq məqsədilə Təhsil Nazirliyinin (+994) 51 206 78 48 nömrəli vatsap hesabı yaradılıb.