ELM VƏ TƏHSİL
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün təlimlərə başlanıb
Bakı, 11 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün təlimlərə başlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimlərə müsahibə mərhələsindən, psixometriya və ümumi intellekt səviyyəsinin yoxlanılması üçün keçirilən test imtahanlarından uğurlu nəticə əldə edən şəxslər cəlb olunurlar.
Təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydaları mövzularını əhatə edib. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılıb.
Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilib və fikir mübadiləsi aparılıb.
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat 2021-ci ilin oktyabr ayından başlanılıb və 1447 nəfər qeydiyyatdan keçib.
Təlimlər növbəti həftələrdə də davam edəcək. Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.
Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı bu gün başa çatır. Cari ilin sentyabr ayından isə qeydiyyat sisteminin yenidən aktiv edilməsi nəzərdə tutulur.