CƏMİYYƏT
“Zərərvericilərə nəzarət proqramı və zərərvericilərdən azad ərazilərin yaradılması” mövzusunda seminar keçirilib
Bakı, 31 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən “Qida Təhlükəsizliyi Agentliyində İnstitusional islahatlar və idarəetməyə dair texniki dəstək” layihəsi çərçivəsində “Zərərvericilərə nəzarət proqramı və zərərvericilərdən azad ərazilərin yaradılması” mövzusunda seminar keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda yerli mütəxəssislərə mövzunun aktuallığı və bu sahədə görülən zəruri tədbirlərlə əlaqədar məlumatlar çatdırılıb.
Seminarda çıxış edən respublikanın baş fitosanitar müfəttişi, Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı şöbəsinin müdiri Xəyalə Dadaşova ölkəmizin fitosanitar vəziyyəti, bu sahədə sabitliyin qorunması, o cümlədən bitki və bitkiçilik məhsullarının istehsal və ixracının artırılması istiqamətində agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
FAO-nun fitosanitar sahə üzrə beynəlxalq eksperti Rinqolds Arnitis “Zərərli orqanizmlərə nəzarət proqramının beynəlxalq çərçivəsi, zərərvericilərə qarşı sorğu proqramı”, “Zərərvericilərdən azad ərazilər”, “Fitosanitar tədbirlər üzrə beynəlxalq standartlara uyğun idxal və ixrac” və digər mövzularda təqdimatlar edib.
Seminardan sonra Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri, FAO-nun Azərbaycandakı ofisinin nümayəndələri və beynəlxalq ekspert Rinqolds Arnitis arasında görüş keçirilib. Görüşdə seminarın nəticələri, gələcək əməkdaşlığın daha da genişləndirilməsi, həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə müzakirələr aparılıb.