ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
Bakı, 28 may, AZƏRTAC
Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova və Zooloji Muzeyin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova herpetofaunanın tədqiqi məqsədilə Lənkəran və Yardımlı rayonlarında, həmçinin ətraf ərazilərdə ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya zamanı elmi-tədqiqat planına uyğun olaraq çöl tədqiqatları aparılıb. Tədqiqatçılar tərəfindən sözügedən ərazilərdə çoxsaylı növlərlə yanaşı, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nadir növlərdən olan Talış quru qurbağası (Bufo eichwaldi), Karelin tritonu (Triturus karelinii) və zolaqlı çılpaqgözün (Ablepharus bivittatus) yeni yayılma sahələri aşkar edilib, fotoşəkilləri çəkilib. Rast gəlinən növlərin reproduktivlik xüsusiyyətləri tədqiq olunub, biotopları təsvir edilib, onların beynəlxalq kateqoriya və kriteriyalara uyğun qorunma statusları müəyyənləşdirilib.