CƏMİYYƏT
Məcburi əməyin qadağan olunması ilə əlaqədar yeniyetmələr arasında həyata keçirilən layihə yekunlaşıb
Bakı, 24 oktyabr, AZƏRTAC
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” layihəsinin icrası uğurla yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Ailələrə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə layihəni Quba rayonunda həyata keçirib.
İctimai Birliyin sədri Esmira Rəhimova həmin tədbir zamanı yeniyetmələrə layihə, onun məqsədi və donoru haqqında məlumat verib. Layihə rəhbəri iştirakçılara ölkə qanunvericiliyində nəzərdə tutulan yaş həddi və əmək müqaviləsi haqqında danışıb.
Ekspert məktəblilərə dövlətimizin məcburi əməyə qarşı mübarizə istiqamətində gördüyü işlər və bunun qarşısının alınması üçün atılan addımlar barədə söhbət açaraq məktəbliləri məcburi əməyin qanunla qadağan olunması, uşaq əməyinin istismarının yolverilməzliyi barədə məlumatlandırıb.
Sonda yeniyetmələrə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.