REGİONLAR
“Ağsuda tərəkəmə obaları: Axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular" monoqrafiyası nəşr olunub
Ağsu, 21 noyabr, AZƏRTAC
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Ağsuda tərəkəmə obaları: Axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular" monoqrafiyası çapdan çıxıb. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Əliyev, redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova, rəyçi tarix üzrə elmlər doktoru Qafar Cəbiyevdir. Kitab “Türküstandan Azərbaycana Ağsu”, “Şirvan xanlığı mahalları”, “Axtaçılar”, “Padarlar”, “Kəngərlilər”, “Qaraqoyunlular”, “Tərəkəmə folkloru” bölmələrindən ibarətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəllif monoqrafiyada müasir dövrdə tərəkəməliyin həyat tərzi olduğunu bildirir. Qeyd edir ki, yarımköçəri həyat tərzi keçirən, yaylaq-qışlaq maldarlığı ilə məşğul olanlar hansı topluma və etnosa aid olmasına baxmayaraq, tərəkəmə adlandırılırlar. Bu mənada dağlıq bölgələrdə yaşayan qafqazdilli və irandilli azsaylı xalqlar da, düzən bölgələrdə yaşayan türkdilli əhali də yaylaq-qışlaq maldarlığı ilə məşğul olduğu üçün özlərinə tərəkəmə deyirdilər və indi də deyirlər. “Tərəkəmə” ərəb dilində “tərakimə”, yəni “türkmənlər” sözünün türk dilində səslənməsidir. Belə ki, “türkmən” sözünün cəmi “tərəkəmə”dir, tərəkəmə “türkmənlər” deməkdir.
Müəllif monoqrafiyada əvvəllər tərəkəmə həyat tərzi ilə əlaqədar səsləndirdiyi tezisləri daha da inkişaf etdirərək dərinləşdirib. Tərəkəmə obaları haqqında yazılan kitab bu sahədəki tədqiqatlara kömək olacaq və istiqamət verəcək.
Qeyd edək ki, F.Xəlillinin sədri olduğu MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi son illərdə Ağsu rayonunun mədəni müxtəliflik baxımından zəngin kənd və obalarını araşdırır, layihələr həyata keçirir.