CƏMİYYƏT
Şagirdlər yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilib
Bakı, 15 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Qaradağ rayonundakı E.Rzayev adına 127 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 - qaynar xəttinə nə vaxt zəng etməli”, “Zəlzələ zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları” adlı slaydlar nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyinin, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.
Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər tədbir iştirakçılarına paylanılıb.