ELM VƏ TƏHSİL
AMEA-da fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanı ilə bağlı müzakirələr aparılıb
Bakı, 20 fevral, AZƏRTAC
AMEA prezidentinin 2020-ci il 31 yanvar tarixli sərəncamına əsasən fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsini təşkil etmək məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib.
İclasda AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, komissiyanın sədri - professor İlham Məmmədzadə, üzvləri - professorlar İzzət Rüstəmov və Qoşqar Əliyev, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi Fail Kazımov iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda Əminağa Sadıqov Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında 2019-cu il 13 noyabr tarixli qərarı barədə məlumat verib. O, qaydalara ciddi əməl olunmasının vacibliyini vurğulayıb.
Daha sonra imtahanların yüksək səviyyədə təşkili, şəffaflığın və obyektivliyin təmin olunması və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.