CƏMİYYƏT
Salyanda “Sağlam həyat, sağlam gələcək” devizi altında maarifləndirmə xarakterli görüş keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Salyandakı 9 saylı tam orta məktəbdə zərərli vərdişlərə, QİÇS-ə və narkomaniyaya qarşı mübarizə məqsədilə “Sağlam həyat, sağlam gələcək” devizi altında maarifləndirmə xarakterli görüş keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən olduğunu bildiriblər. Çıxışlarda Azərbaycan dövlətinin gənc nəslin sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən, reallaşdırılan dövlət proqramları və fəaliyyət planlarının əhəmiyyətindən danışılıb. Bundan başqa, narkomaniyanın, QİÇS-in qarşısının alınması baxımından maarifləndirmə xarakteri daşıyan tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb.