İQTİSADİYYAT
BP: Pandemiyanın yaratdığı məhdudiyyətlər “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə gecikmələrə səbəb olub
Bakı, 13 avqust, AZƏRTAC
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə cari ilin ikinci rübündə inşa olunan platformanın üst modullarının, o cümlədən qazma modulunun quraşdırılması Bibiheybətdəki tikinti-quraşdırma sahəsində, dayaq blokunun inşası isə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda sosial məsafə saxlama tədbirləri ilə və sahədə işçi sayını azaltmaqla davam edib. İlk iri qaldırma əməliyyatı kimi qazma dəstək modulunun aşağı göyərtəsi qaldırılıb və ilkin iri avadanlıq rüb ərzində Bakıya gətirilib. Növbəti üst modul qaldırma əməliyyatı iyulda başa çatdırılıb.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, yaşayış blokunun inşası İsveçdə davam edib. Həmçinin sualtı qurğuların inşası Bakı dərin özüllər zavodunun tikinti sahəsində, sualtı boruların örtüklənməsi işləri isə Xəzər Boru Örtüklənməsi (Caspian Pipe Coating (CPC)) müəssisəsində aparılıb.
Lakin COVID-19 pandemiyasının ölkədə və dünyada yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olur. Buna baxmayaraq layihə komandası layihə çərçivəsində ən yaxşı nəticələr əldə etmək üçün bütün tərəflərlə yaxından işləməyə davam edir və bu ilin üçüncü rübündə dayaq bloku payalarının dənizdə quraşdırılması planı qüvvədədir.