ELM VƏ TƏHSİL
Folklor İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfransda məruzə ediblər
Bakı, 29 noyabr, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun əməkdaşları Türkiyənin Antalya şəhərində keçirilmiş “4-cü beynəlxalq türk dünyası təhsil elmləri və sosial elmlər konqresi”ndə iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Anadolu, Azərbaycan və Balkan türklərinin epik folklorunun oxşar və fərqli cəhətləri: məsəllər, dastanlar, atalar sözü və tapmacalar əsasında”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Türk dünyası və köç mədəniyyəti, qədim adət-ənənələr, itirilmiş dəyərlər (Azərbaycanın Tovuz rayonunun nümunəsində)” mövzularında məruzə ediblər. Həmçinin filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovanın “Kitabi-Dədə Qorqud və Kuhulin dastanlarında obrazların tipologiyası”, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın “Azərbaycan folkloru və aşıq ədəbiyyatının mətbuat dövrü (1937-ci illər)”, elmi işçi Günay Oruczadənin “Türk və Azərbaycan folklorunda xalq rəqsləri: onların yaranması, tarixi və təşəkkülü” mövzularında məruzələri dinlənilib.
Sonda Folklor İnstitutunun əməkdaşlarına mükafat və təşəkkürnamələr təqdim olunub.