REGİONLAR
57 saylı Kürdəmir seçki dairəsində 42 min 342 seçici qeydə alınıb
Kürdəmir, 6 sentyabr, AZƏRTAC
57 saylı Kürdəmir seçki dairəsində və dairə üzrə 41 seçki məntəqəsində Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referenduma hazırlıq işləri davam edir.
Dairə seçki komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, referenduma hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim planına uyğun aparılır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün digər rayonlarda olduğu kimi, Kürdəmirdə də üç günlük ixtisaslaşdırılmış kurslar keçirilib. Sentyabrın 6-dan etibarən aşağı seçki komissiyaları üçün seçki günü referendumun keçirilməsi, protokolların doldurulması və seçki məcəlləsinə uyğun digər təlimatların öyrədilməsi məqsədilə dörd günlük treninqlərə başlanılıb.
Qeyd edək ki, dairə üzrə səs verənlərin siyahısı dəqiqləşdirilib və 41 məntəqədə 42342 seçici qeydə alınıb. Onlardan 20834 nəfəri kişi, 21508 nəfəri qadındır. Dörd nəfər 100 yaşından yuxarı, 867 nəfər 80-100 yaşındadır. 541 nəfər isə ilk dəfə səs verəcək.
Bütün məntəqələr MSK tərəfindən zəruri avadanlıqlarla təchiz olunub. Məntəqələrdə vətəndaşların azad, demokratik və şəffaf şəraitdə səs vermələri üçün hər cür şərait yaradılıb. 11 məntəqədə veb-kamera quraşdırılıb, 41 təşviqat lövhəsi asılıb, təbliğat və təşviqat yerləri ayrılıb. Dairə üzrə bu günədək 433 müşahidəçi qeydə alınıb.
Hazırda referenduma çıxarılan Konstitusiya layihəsinin müqayisəli formasının hər bir evə çatdırılması, referenduma çağırış şüarlarının müəyyən olunan yerlərdən asılması işləri davam etdirilir. Artıq bildirişlərin paylanmasına başlanılıb.
Ümumiyyətlə, dairə və məntəqələrdə referendumun təlimata uyğun, azad, demokratik və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər görülür.