DÜNYA
ABŞ-da şənbə partlayışlarında şübhəli bilinən şəxs tutulub
Bakı, 19 sentyabr, AZƏRTAC
ABŞ polisi Nyu-Yorkda və Nyu-Cersi ştatında baş verən partlayışlarda şübhəli bilinən şəxsi həbs edib. Bu barədə NBC New York telekanalı məlumat yayıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, 28 yaşlı Əhməd Xan Rahami Linden şəhərində (Nyu-Cersi ştatı) polislə atışmadan sonra həbs olunub. Bir qədər əvvəl Nyu-York meri Bill de Blazio şübhəli şəxsin Əfqanıstan əsilli ABŞ vətəndaşı olduğunu bildirmişdi. Amerika telekanallarının yaydıqları kadrlardan görünür ki, huşu üstündə olan və bintlə sarınmış şəxs təcili yardım avtomobilinə qoyulur. Güman edilir ki, Rahami çiynindən yara alıb.
Xatırladaq ki, sentyabrın 17-də axşam saatlarında Nyu-Yorkun Manhetten rayonunda baş verən partlayış nəticəsində azı 29 nəfər yaralanıb. CNN telekanalının məlumatına görə, Əhməd Xan Rahami insident rayonunda müşahidə kamerasına düşüb. Həmin axşam Sisayd-Park şəhərciyində də (Nyu-Cersi ştatı) əldəqayırma bomba partlayıb. Bir gün sonra isə Nyu-Cersi ştatının Elizabet şəhərində içərisində əldəqayırma partlayıcı olan bağlama aşkarlanıb. Hadisə yerinə gətirilmiş robot-snayper qurğunu zərərsizləşdirməyə cəhd edərkən partlayış baş verib.
İnsidentin baş verdiyi ərazilərdə işə düşməmiş digər partlayıcı qurğuların da aşkar edildiyi bildirilir.