ELM VƏ TƏHSİL
ADNA-da NÖVBƏTİ BURAXILIŞ
İyulun 5-də Azərbaycan Dövlət Neft Akademiyasında təhsili fərqlənmə ilə bitirmiş bakalavrlara diplomların təqdim edilməsi mərasimi olmuşdur.
ADNA-nın rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Siyavuş Qarayev bildirdi ki, bu il 1360 məzundan 76 nəfər fərqlənmə diplomu almışdır. Rektor bakalavrları təhsili bitirmək münasibətilə təbrik edərək dedi ki, məzunlar ali məktəbdə təhsil alaraq və təcrübə toplayaraq, Azərbaycan Prezidenti Heydər Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının gələcək fəal iştirakçıları kimi formalaşmışlar. Dünya şöhrətli bu ali məktəbi cari ildə bitirən məzunların çoxu əsas ixtisasları ilə yanaşı, xarici dili və kompüteri də mükəmməl bilirlər.
Məlum olduğu kimi, dövlətimizin başçısı ADNA-ya və bir sıra digər ali məktəblərə özünidarə statusu verilməsi haqqında Fərman imzalamışdır. Rektor dedi: “Biz Prezident Heydər Əliyevin bu addımını onun təhsilə və gənclərə daimi diqqət və qayğısının növbəti təzahürü kimi qiymətləndiririk”.
Sonra fakültə dekanları, kafedra müdirləri çıxış edərək, məzunları ali məktəbi bitirmələri münasibətilə təbrik etdilər və vurğuladılar ki, bir çox tanınmış dövlət xadimləri, o cümlədən də Azərbaycan dövlətinin başçısı Heydər Əliyev vaxtilə burada təhsil almışlar.
Bakalavrlar çıxışlarında dedilər ki, bu təhsil ocağını minnətdarlıq hissi ilə tərk edirlər və onlara həyat vəsiqəsi vermiş müəllimlərini daim xatırlayacaqlar.
Məzunları bu əlamətdar hadisə münasibətilə Milli Məclisin daimi komissiyalarının sədrləri Asya Manafova və Şahlar Əsgərov da təbrik etdilər. Deputatlar bildirdilər ki, onlar xarici ölkələrdə səfərlərdə olarkən dövlət müəssisələrində məsul vəzifələrdə işləyən, böyük firmalara rəhbərlik edən ADNA məzunları ilə tez-tez görüşürlər. Onlar ümidvar olduqlarını söylədilər ki, bu şöhrətli ali məktəbin diplomunu alan bakalavrlar ADNA-nın gözəl ənənələrini səmərəli fəaliyyətləri ilə davam etdirəcəklər.