ELM VƏ TEXNOLOGİYA


“AICT 2016” beynəlxalq konfransı başa çatıb

A+ A

Bakı, 14 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC

Bakıda keçirilən “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X beynəlxalq konfrans oktyabrın 14-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, konfransın bağlanış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev tədbirin Azərbaycanda keçirilməsini yüksək dəyərləndirib. O, rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyət istiqamətlərindən danışaraq bildirib ki, İnformasiya Texnologiyaları İnstitutu informasiya-kommunikasiya texnologiyalarının müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan bir qurumdur. İnstitutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemləri araşdırılır.

İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış maddi-texniki və innovativ şəraitlə bağlı məlumat verən akademik burada Data Mərkəz, Tədris-İnnovasiya, Milli Superkompüter və digər elmi mərkəzlərin yaradıldığını diqqətə çatdırıb.

Sonra Pakistanın Mehran Universitetinin professoru Bhavani Çovdhri onlayn təhsil, rusiyalı ekspert Viktor Daşonok bulud texnologiyası ilə bağlı təqdimatlarla çıxış ediblər.

Tədbirdə sürətlə inkişaf edən müasir texnologiyaların və innovasiyaların, xüsusilə İKT-nin tətbiqi sahəsində əldə olunan yeniliklər, onların müsbət və mənfi cəhətləri müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, konfrans Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malayziyanın Sabah Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu və onun Azərbaycan şöbəsinin texniki, “Nar” və “DELL EMC” şirkətlərinin dəstəyi ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.