İQTİSADİYYAT
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Yanvarın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində torpaqlarımızın müdafiəsi uğrunda mərdliklə döyüşərkən fiziki sağlamlığını itirmiş həmvətənlərimizdən 154 nəfərinə “OKA” markalı minik avtomobillərinin verilməsi ilə bağlı mərasim keçirilmişdir.
Nazir Əli Nağıyev ənənəyə çevrilmiş bu hadisə münasibətilə mərasim iştirakçılarını təbrik edərək demişdir ki, ölkəmizdə əlillərə dövlət tərəfindən daim qayğı və diqqət göstərilir. Son illər nazirliyin gördüyü tədbirlər nəticəsində Qarabağ, Böyük vətən müharibəsi əlillərinin, şəhid ailələrinin yeni mənzillərlə, iş yerləri ilə, avtomobillərlə təmin edilməsi, onların rifahının yaxşılaşdırılması sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir.
Eyni zamanda bildirilmişdir ki, vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilmiş güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı əlil olanlara, Böyük vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara 90 min manat, Böyük vətən müharibəsi iştirakçılarına 85 min manat məbləğində aylıq müavinət müəyyən edilmişdir.
Nazir demişdir ki, vətən qarşısında xidmətləri olan insanlara paylanacaq avtomobillərdən Qarabağ uğrunda döyüşlərdə fiziki sağlamlığını itirənlər və Böyük vətən müharibəsi əlilləri üçün nəzərdə tutulmuşdur.
Mərasimdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İçtimai birliyinin sədri Mehdi Mehdiyev, əlillərdən Saleh Əliyev və başqaları onlara göstərdikləri diqqət və qayğıya görə dövlətimizin başçısı Heydər Əliyevə və nazirliyin rəhbərliyinə minnətdarlığını bildirmişlər.
Keşlə yük stansiyasında əmək və əhalinin sosial müdafiəsi nazirl Əli Nağııyev əlillərə avtomobillərinin açarlarını təqdim etmişdir