DÜNYA
AZƏRBAYCANDA GÜNƏŞ BATAREYALARININ KÖMƏYİ İLƏ ELEKTRİK ENERJİSİ ALMAQ ÜÇÜN İMKAN VAR
“Azərenerji” Səhmdar Cəmiyyətinin, onun elmi tədqiqat və layihə institutlarının mütəxəssisləri bərpa olunan və ekoloji cəhətdən təmiz təbii enerji mənbələrindən istifadəyə dair araşdırmalar aparırlar. Dünyanın bütün alimləri bu alternativ varitantlardan istifadə sahəsində tədqiqatlar aparırlar və lazımi təbii şəraiti olan Azərbaycan da bu problemlərdən kənarda qala bilməz.
“Azərenerji”nin mətbuat xidmətinin verdiyi xəbərə görə, beynəlxalq təşkilatlar Azərbaycan alimləri və mütəxəssislərinin tədqiqatlarına maraq göstərirlər.
SC-nin aparıcı mühəndisi Azər Xamməmmədov bildirir ki, Azərbaycanda ildə orta hesabla 270-300 günəşli gün olur. Bir sıra amillər vardır ki, onların sayəsində Azərbaycan şəraitində elektrik enerjisi almaq üçün qeyri-ənənəvi sistemin tətbiqi məqsədəuyğun olardı.
Əvvəla, respublika ərazisinin xeyli hissəsini dağlıq bölgələr təşkil edir ki, burada da elektrik ötürücü xətlərinin bərpası və yenidən qurulması çətin işdir və çox baha başa gəlir. İkincisi, Naxçıvan Muxtar Respublikası hazırda blokadadadır və kifayət qədər ənənəvi enerji ehtiyatlarına malik deyildir. Bundan əlavə, çox zaman qaçqınların müvəqqəti yaşadıqları yerləri kifayət qədər elektrik enerjisi ilə təmin etmək mümkün olmur.
İndi “Azərenerji”də “Azərbaycan energetikasının inkişaf konsepsiyası” hazırlanır. İqtisadiyyatın obyektiv təhlili sübut edir ki, respublikanın bazar münasibətlərinə keçməsi və yeni müəssisələrin açılması ilə əlaqədar 2010-cu ilədək elektrik enerjisinə tələbat hər il 7-8 faiz artacaqdır. Buna görə də, məsələn, ekoloji cəhətdən zərərsiz enerji mənbələri bazasında yeni enerji istehsalı müəssisələrinin işə salınması aktual və mümkündür.