SİYASƏT
AZƏRBAYCAN-İRAN BİZNES FORUMU
Bu ilin may ayında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı əldə edilmiş uğurlu nəticələr ölkələrimiz arasında əməkdaşlığın yeni, keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyması üçün əlverişli zəmin yaratmışdır.
İqtisadi inkişaf naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının həmsədri Fərhad Əliyevin dəvəti ilə İran İslam Respublikasının Ticarət-Sənaye-Mədəniyyət Palatasının sədri Seyid Əlinaqi Xamuşinin başçılığı ilə nümayəndə heyəti Bakıya səfərə gəlmişdir. Nümayəndə heyətinə İranın maşınqayırma, kimya, yüngül və yeyinti sənayesini, nəqliyyat, ticarət və xidmət sahələrini təmsil edən iş adamları daxildir. Avqustun 31-dək davam edəcək səfər zamanı iranlı qonaqların Azərbaycanın müvafiq dövlət qurumları ilə görüşlərinin keçirilməsi, ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılması nəzərdə tutulur.
Avqustun 28-də “Crescent Beach” otelində İqtisadi İnkişaf Nazirliyinin və İranın respublikamızdakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçirilmişdir. İqtisadi inkişaf naziri Fərhad Əliyev forumu açaraq, Azərbaycan Prezidentinin İrana rəsmi səfərindən sonra iki dövlət arasında əlaqələrin genişləndirilməsi istiqamətində mühüm dəyişikliklərin baş verdiyini vurğuladı, müxtəlif birgə layihələrin həyata keçirilməsi sahəsində görülən işlər barədə məlumat verdi.
İran nümayəndə heyətinin başçısı öz çıxışında biznes-forumun əhəmiyyətindən geniş bəhs edərək, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində bu tədbirin xüsusi rol oynayacağına əmin olduğunu söylədi.
Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin nümayəndələri respublikamızda gömrük və vergi qanunvericiliyi barədə məlumat verdilər.
Sonra hər iki tərəfin iş adamlarının birbaşa görüşləri başlandı.