RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ İRLANDİYANIN BAŞ NAZİRİ CON BRUTON İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Prezidenti ilə tanışlıqdan məmnun olduğunu söyləyən cənab Bruton əvvəllər Heydər Əliyev ilə İrlandiyanın Prezidenti xanım Robinson arasında olan görüşləri xatırlatdı və bu görüşlərin Azərbaycan-İrlandiya münasibətlərinin inkişaf etdirmək üçün yaxşı zəmin yaratdığını söylədi.
1996-cı ilin iyulundan etibarən İrlandiyanın Avropa Birliyinə sədrlik edəcəyini vurğulayan cənab Bruton Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək üçün bu birlikdən daha çox yardım almaq baxımından da Azərbaycan-İrlandiya əməkdaşlığının genişləndirilməsinin zəruriliyini qeyd etdi.
Heydər Əliyev İrlandiya Prezidenti xanım Robinsonla müxtəlif beynəlxalq məclislərdə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını söyləyərək, Baş nazir Bruton ilə görüşündən də şad olduğunu bildirdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafına tərəfdar olduğunu söylədi. Avropa Birliyi ilə Azərbaycan arasında yaxşı əlaqələr olduğunu vurğulayan respublikamızın rəhbəri qeyd etdi ki, indi ölkəmizin daha çox yardıma ehtiyacı var.
Prezident Heydər Əliyev ümidvar olduğunu bildirdi ki, qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalan, torpaqlarının bir hissəsi işğal edilən, bir milyondan çox vətəndaşı qaçqın düşərək çadırlarda yaşayan Azərbaycanın ağır vəziyyətini, bütün bunlara baxmayaraq ölkəmizin demokratik islahatlar, bazar iqtisadiyyatı yolu tutmasını, keçid dövrü yaşamasını nəzərə alaraq, Avropa Birliyi İrlandiyanın sədrlik etdiyi dövrdə Azərbaycana daha çox yardım göstərəcəkdir.
Dövlətimizin başçısı İrlandiya Prezidentini, habelə Baş nazir cənab Brutonu Azərbaycana rəsmi səfərə dəvət etdi.