CƏMİYYƏT
Ağcabədidə məktəblilərə fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları öyrədilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi oktyabrın 13-də Ağcabədi rayonunun şəhid Mobil Həsənov adına Rəncbərlər kənd tam orta məktəbində “Fövqəladə hallar və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi təhsil müəssisəsinin kollektivinə təbii və texnogen xarakterli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, həmin hadisələr zamanı düzgün davranış qaydaları ilə bağlı biliklərin aşılanması olub.
İştirakçılara nazirliyin fəaliyyət istiqamətləri, Qarabağ Regional Mərkəzinin regionda yerləşən qurumlarla qarşılıqlı əməkdaşlığı, mülki müdafiənin məqsəd və vəzifələri, Mərkəzin yerləşdiyi bölgədə baş verə biləcək fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları barədə məlumat verilib, “101” və “112” çağrı mərkəzlərinin rolundan bəhs edilib.
Məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları məqsədilə təhsil müəssisəsinə təbliğat vasitələri təqdim edilib, iştirakçılara bukletlər paylanıb.
Sonda Mərkəzin əməkdaşları məktəbin müəllim və şagird heyətinin suallarını cavablandırıblar.