REGİONLAR
Ağsu yarımstansiyasında yenidənqurma işləri başa çatıb
Ağsu, 6 dekabr, AZƏRTAC
İstehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunmaları üçün “Azərişıq” ASC tərəfindən 110/35/10 kilovoltluq Ağsu yarımstansiyasında genişmiqyaslı yenidənqurma işləri aparılıb.
Ağsu Elektrik Şəbəkəsindən AZƏRTAC-a bildirilib ki, yarımstansiyada olan 10 MVA transformator 16 MVA-lıqla əvəz edilərək gücü 26 MVA-dan 32-yə qaldırılıb. Yarımstansiyada olan 4 ədəd 35 kilovoltluq, 13 ədəd 10 kilovoltluq köhnə yağ açarları yeni vakuum açarlarla əvəz edilib, 2 ədəd yeni 110 kilovoltluq eleqaz açar quraşdırılıb.
Yarımstansiyanın ərazisində olan köhnə tipli bütün avadanlıqlar müasir standartlara cavab verən, Almaniyada istehsal edilən yeni avadanlıqlarla əvəz olunub. Çıxış xətləri yeraltı kabellərlə əvəzlənib.
İşçilərin əmək şəraitini yaxşılaşdırmaq üçün dispetçer binası tikilərək zəruri avadanlıqlarla təchiz olunub.