REGİONLAR


Əlincəqalada keçirilən “Xalq yaradıcılığı günü” tədbir iştirakçılarında xoş təəssürat yaradıb

A+ A

Naxçıvan, 21 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi və Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə rayondakı “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin qarşısında “Xalq yaradıcılığı günü” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli muxtar respublikada xalq yaradıcılığı günlərinin keçirilməsinin ənənəvi hal aldığını bildirib və belə tədbirlərin əhəmiyyətindən danışıb.

Füzuli Hüseynli qeyd edib ki, xalq yaradıcılığı nəsildən-nəslə ötürülərək yaşadılıb. Xalqımız tarix boyu zəngin xalq yaradıcılığını, milli dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Müasir Azərbaycan cəmiyyətində zəruri və mühüm amillərdən biri də gənclərin tərbiyə prosesində milli mənəvi dəyərlərdən, xalq yaradıcılığından düzgün istifadədir.

Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin şöbə müdiri Nizami Əzizəliyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncama əsasən, qədim diyarımızda milli mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər unudulmaqda olan milli dəyərlərin yaşadılmasına xidmət edir.

Nizami Əzizəliyev diqqətə çatdırıb ki, Ali Məclis Sədrinin sərəncamından sonra muxtar respublikanın bütün bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, qədim rəqslərimiz, xalq oyunlarımız və mərasim tamaşalarımız yaşadılır. Xalqımızın yaratdığı yaradıcılıq nümunələri geniş və əlvandır. Təbii ki, bu sahədə görülən işlər də geniş və əhatəli olmalıdır. Bu zənginliyi və əlvanlığı qorumaq, gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.

Sonra Culfa Rayon Mədəniyyət Evinin, rayonun Milax, Qazançı, Boyəhməd, Əlincə, Əbrəqunus, Bənəniyar, Kırna, Saltaq kənd mədəniyyət evi və klub müəssisələri folklor kollektivlərinin ifa etdiyi qədim rəqslər, yallılar, el deyimləri, bayatılar, şənlik-toy havaları, xalq oyun və tamaşaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Belə tədbirlərin muxtar respublikanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.