İQTİSADİYYAT
Altı ayda Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında 14 müraciət olub
Bakı, 31 iyul, AZƏRTAC
Cari ilin birinci yarımilliyi ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında 14 müraciət olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bir müraciət 2014-cü ildən qalıb, 13 müraciət isə bu ilin ilk 6 ayı ərzində daxil olub. Şuranın icraatında olan müraciətlərdən 8-i kameral, 3-ü səyyar vergi yoxlamalarının, 3-ü isə operativ vergi nəzarətinin nəticələri ilə bağlıdır.
Şuranın icraatında olan 14 müraciətdən 11-nə bu ilin altı 6 ayı ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, “Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilib. İyulun 1-dən qalan 3 müraciətdən 1-i üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması ilə əlaqədar Xarici İşlər Nazirliyi vasitəsilə Böyük Britaniyanın vergi orqanına sorğu göndərilib.
Şurada baxılaraq müvafiq qərarlar qəbul edilərək, 11 müraciətin 4-ü tam və ya qismən təmin olunub, 4-ü təmin edilməyib, 1-nin icraatına xitam verilib, 2-si isə baxılmadan saxlanılıb. Şura tərəfindən baxılan 11 müraciətdən 10-u vergi ödəyicisinin təkrar şikayəti üzrə, 1-i isə vergi orqanının müraciəti üzrə olub.