SİYASƏT


“Amosnews” agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycan- Rumıniya əlaqələrinə dair məqaləsini yayıb

Buxarest, 8 iyun, AZƏRTAC

Rumıniyanın “Amosnews” xəbər agentliyi AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin “Rumıniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyi qeyd olunur” sərlövhəli məqaləsini yayıb.

Məqalədə müəllif ölkələrimiz arasında ikitərəfli əlaqələrin tarixindən bəhs edir. Bildirir ki, iki xalq arasında əlaqələr hələ Ağqoyunlu hökmdarı Uzun Həsən və Rumıniya hökmdarı Ştefan Çel Mare zamanından hərbi sazişin imzalanması ilə başlayıb. İ.Hacıyev Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayır, qarşılıqlı səfərlərdən, bu səfərlər zamanı imzalanan sazişlərdən, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıqdan bəhs edir.

Mədəni əlaqələrə toxunan müəllif Buxarestdə ümummilli lider Heydər Əliyevin, Bakıda isə Rumıniya bəstəkarı Corce Eneskunun büstünün qoyulmasının iki ölkə arasında dostluq əlaqələrinin təzahürü olduğunu bildirir. O, həmçinin 2007-2016-cı illərdə fəaliyyət göstərən Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin Azərbaycanın Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Rumıniyada apardığı geniş xeyriyyə işi barədə məlumat verir. Buxarestdə Fondun dəstəyi ilə açılan Rumın-Azərbaycan Araşdırmalar Mərkəzinin işini diqqətə çatdırır, fəaliyyəti dövründə Fondun Rumıniya hökumət orqanları ilə sıx əməkdaşlığını vurğulayır. İqtisadi əlaqələrə toxunan müəllif Rumıniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin tarixi, inkişafı və perspektivləri barədə məlumat verir. Müəllif Rumıniyanın regionlarında SOCAR-ın artıq 37 yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərdiyini qeyd edir. AZƏRTAC-ın xüsusi müxbiri Rumıniyanın beynəlxalq təşkilatlarda Azərbaycana göstərdiyi dəstəyi vurğulayaraq, bu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını diqqətə çatdırır. Məqalədə ikitərəfli əlaqələrin tarixini əks etdirən fotolar da yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.