SİYASƏT


Ənvər Abramenko: Mən Azərbaycanı sevirəm və bu sevgini övladlarıma ötürmüşəm

Riqa, 25 may, AZƏRTAC 

Bakını yenidən görmək istərdim. Tarixi vətənim məni özünə çox çəkir, istəyirəm yenidən Bakının havası ilə nəfəs alıb, mənə əziz küçələrdən keçim, Xəzəri görüm.

Bu fikirləri kontr-admiral, Latviya Sualtı Dənizçilər Veteranları Cəmiyyətinin sədri Ənvər Abramenko (Ələkbərov) AZƏRTAC-a müsahibəsində söyləyib.

Ənvər Aleksandroviç Abramenko 1931-ci ildə Bakıda doğulub. Atası Ələkbər Ələkbərov əslən Naxçıvandandır. Anası Vera Obuxova (qız familiyası) rusdur. Atasının ölümündən sonra Ənvəri atalığı tərbiyə edib, ona öz soyadını verib.

1952-ci ildə Bakı hərbi-dənizçilik hazırlığı məktəbini bitirən E.Abramenko leytenant kimi Polşaya göndərilib. Üç il sonra Liyepayada yerləşən “Alkesandr Petrov” eskadra tralının komandiri təyin edilib. 1970-ci ildə həmvətənimiz Leninqrad (indiki Sankt-Peterburq) Hərbi-Dənizçilik Akademiyasına qəbul edilib. 1975-ci ildə Saki Okean Donanmasının döyüş idarəsi üzrə qərargah rəisinin müavini – donanmanın operativ növbətçisi təyin olunub. 1981-ci ildə isə ona kontr-admiral rütbəsi verilib.

“Mən Azərbaycanda baş verən hadisələri diqqətlə izləyirəm. Azərbaycanın bir çox sahələrdə əldə etdiyi uğurlardan bir bakılı kimi qürur duyuram. Prezident İlham Əliyevin çoxsaylı beynəlxalq məsələlərdə ölçülüb-biçilmiş mövqeyinə böyük hörmət bəsləyirəm. Birmənalı olaraq, ölkəsinin və xalqının mənafeyi və rifahı İlham Əliyev üçün birinci yerdə dayanır”.

Ə.Abramenko Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın 2006-cı ildə Riqaya səfərini səmimiyyətlə xatırlayır və təəssüratlarını bölüşür: “Biz arvadım Nadejda Abramenko ilə qəbulda iştirak etdik və bu gözəl cütlüyün səmimiliyini və mehribanlığını şəxsən duyduq”.

“Oğlanlarım öz ailələri ilə Kanadada və Peterburqda yaşayırlar. Azərbaycan diasporu onları bayramlarda və xatirə günlərində iştiraka dəvət edir və mən buna çox şadam. Mən Azərbaycanı sevirəm və bu sevgini övladlarıma ötürmüşəm”, - deyə Ə.Abramenko fikrini yekunlaşdırır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.