CƏMİYYƏT


“Araz” zavodu ətrafında 10 partlamamış hərbi sursat aşkarlanıb VİDEO

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 27-də səkkiz ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə və 1 çınqıl karxanasında 7 partlayış yerinə baxış keçiriblər. Gün ərzində 19 min kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatlarına əsasən, 8 ev və həyətyanı sahəyə baxış keçirilib. Nəticədə 10 partlamamış hərbi sursat – 8 ədəd “PQ-9” raketi, bir ədəd 122 millimetrlik “OF-56” və bir ədəd 152 millimetrlik “Q-530” top mərmisi aşkar edilərək götürülüb. Onların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. Yoxlanılan ərazi 5 min kvadratmetr təşkil edib.

Bundan başqa, Ağdam rayonunun Əfətli, Tərtər rayonunun Şıxarx kəndlərində əkin sahələrində partlayış yerlərinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar olunaraq götürülüb. Cəmi 14 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyulun 27-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 639 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavodu və 1 çınqıl karxanası ərazisinə baxış olub. Nəticədə 3464 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 24 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.