SİYASƏT


Aşqabadda Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

Aşqabad, 10 may, АZƏRTAC

Azərbaycanın Türkmənistandakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Aşqabadda yaşayan soydaşlarımız və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Həsən Zeynalov ümummilli lider Heydər Əliyevin keçdiyi ömür yolu, xalqımız və dövlətimiz qarşısında xidmətləri, qarşılaşdığı çətinliklər, mübariz xarakteri, siyasi uzaqgörənliyi haqqında ətraflı məlumat verib. Müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyevin xidmətlərindən bəhs edən diplomat Ulu Öndərin həyatının ayrı-ayrı dövrlərinin ətraflı tədqiq edilməsinin, bu barədə əsərlərin yazılmasının və filmlərin çəkilməsinin əhəmiyyətini vurğulayıb. Bunun gənc nəslin Azərbaycanın ən yeni tarixinin dərindən öyrənilməsi, həmin dövrlərdə ölkəmizin hansı təhlükələrlə üzləşdiyini bilməsi, Heydər Əliyevin zəkası, zəhməti və fədakarlığı ilə bu təhlükələrdən necə xilas olduğunu anlaması, eləcə də onun həyat yolunu, amalını özünə nümunə götürə bilməsi cəhətdən önəmini qeyd edib.

Səfir daha sonra Heydər Əliyevlə bağlı xatirələrindən və şəxsi təmaslarından söhbət açıb.

Tədbir digər çıxış edənlər də Ulu Öndərin xalqımızın, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyində oynadığını əvəzsiz rollardan danışıblar. Diqqətə çatdırılıb ki, Sovet hakimiyyəti illərində azərbaycanlı gənclərin SSRİ-nin ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq üçün göndərilməsi, onların yerlərə təyinat alıb işləmələri məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olub. Ulu öndər Heydər Əliyevin düşünülmüş addımlarının nəticəsində azərbaycanlıların keçmiş SSRİ məkanında yüksək vəzifələr, əhəmiyyətli postlar tutduqları vurğulanıb.

Çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto sərgiyə və sənədli filmə tamaşa ediblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.