CƏMİYYƏT
Astanada TÜRKPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının beşinci iclası keçirilib
Astana, 24 may, AZƏRTAC
Qazaxıstan Parlament Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sosial, mədəni və humanitar məsələlər komissiyasının beşinci iclası keçirilib.
İclasda Azərbaycan, Qırğızıstan, Türkiyə, eləcə də Türk Şurası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), TürkPA Katibliyinin üzvləri, diplomatik korpusun nümayəndələri, Qazaxıstan Parlament Məclisinin və Senatının deputatları iştirak ediblər.
İclasda təbii fəlakətlərlə mübarizə şəraitində əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan Milli Məclisinin deputatı, TÜRKPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova təbii fəlakətlərin, fövqəladə halların törədə biləcəyi fəsadlar, Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) regiona vurduğu ziyanlar barədə danışıb. O bildirib ki, qəza zamanı Metsamor AES-dən radioaktiv materiallar milli sərhədlərdən kənarlara da yayılacaq. Bu, təkcə ekoloji məsələ deyil, hər kəsin həyatı və sağlamlığı üçün real təhlükə mənbəyidir və buna görə də AES öz fəaliyyətini dayandırmalıdır.
Qazaxıstan Parlament Məclisin deputatı Sautbek Abdraxmanov bildirib ki, dünyada yalnız ənənəvi dostluq saxlanılmaqla çağırışlara müqavimət göstərmək mümkündür. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə yaradılmış TürkPA bu dostluğun möhkəmlənməsi mexanizmlərindən biri sayılır.
İclasın yekununda Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə Azərbaycan arasında təbii və texnogen xarakterli mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb.
TürkPA-nın 7-ci plenar iclasının payızda Qırğızıstanda keçirilməsi planlaşdırılır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana