REGİONLAR
Astarada ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb
Astara, 17 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 16-da axşam saatlarında Astara şəhərinin Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Astara şəhər sakini, 1989-cu il təvəllüdlü Samir Nizami oğlu Məmmədzadənin idarə etdiyi “BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili onun əmisi oğlu, Astara şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat Füzuli oğlu Məmmədzadənin idarə etdiyi “VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
“VAZ-2107”nin sürücüsü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov və “BMW”-nin sürücüsü isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişmiş “VAZ-2107”in sürücüsü Nicat Məmmədzadənin sabah toyu olacaqdı.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalar aparılır.