İDMAN
Atıcılıq üzrə Oman yığmasının məşqçisi: Bakıda keçirilən İslamiadada idmançıların yaşaması üçün ideal şərait yaradılıb
Bakı, 17 may, Əziz Məmmədov, AZƏRTAC
Yığmamızın çıxışlarının nəticələrindən razıyam. Mənim idmançılarım iki gümüş və bir bürünc medal qazanıblar. Əlbəttə, bu dərəcədə uğurlu çıxış edəcəyimizi gözləmirdik, çünki “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ev sahiblərinin, habelə İran, Türkiyə və digər ölkələrin komandalarının heyətində çox güclü idmançılar var. Bu nəticə bizim planlaşdırdığımızdan üstündür.
Atıcılıq üzrə Oman yığmasının məşqçisi Şöhrət Əhmədov bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib. Omanlı məşqçi İslamiadanın təşkili barədə təəssüratlarını da bölüşüb. Ş.Əhmədov daha sonra deyib: “İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə təşkil edilib. Dərhal görünür ki, Azərbaycan bu yarışlara hərtərəfli hazırlaşıb. “Bakı-2017” yarışlarında idmançıların yaşaması üçün ideal şərait yaradılıb. İdman qurğularının memarlıq baxımından çox mürəkkəb olmasını da qeyd etməyə bilmərəm. Belə obyektlər arasında Bakı Atıcılıq Mərkəzini xüsusi qeyd etmək istəyirəm. İnanın ki, Bakı Atıcılıq Mərkəzi kimi idman obyektinə malik olmaq hər ölkə üçün qürur sayıla bilər”.