SİYASƏT
Avropa Parlamenti və Azərbaycan Milli Məclisi arasında dialoqun intensivləşdirilməsi yolları müzakirə edilib
Bakı, 12 aprel, AZƏRTAC
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə nümayəndə heyətinin Avropa Parlamentinə (AP) səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid Makallister ilə görüşüb. Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Cavanşir Feyziyev, Avronest PA-nın həmsədri Rebeka Harms, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov, AP-nin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai və başqaları görüşdə iştirak ediblər.
D.Makallister cari ilin mayında Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri qismində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduqları diqqətə çatdırıb. O, işğal olunmuş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycan hökuməti tərəfindən haqlarında beynəlxalq həbs qərarı çıxarılan 3 avroparlamentari ilə bağlı məsələyə də toxunub. Azərbaycan tərəfinin mövqeyini və narahatlığını anlayışla qarşıladığını, həmkarlarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərindən təəssüfləndiyini bildirib. Bu məsələ ilə əlaqədar sözügedən deputatlarla görüşdüyünü və onlara Avropa Parlamentinin adından istifadə etməklə işğal olunmuş ərazilərə səfər etmələrinin və “seçkilər”də müşahidə aparmalarının yolverilməz olduğunu izah etdiyini diqqətə çatdırıb.
Daha sonra Avronest PA-nın həmsədri xanım Rebeka Harms və AP-nin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai Azərbaycanda insan hüquqları ilə bağlı mövcud vəziyyətlə bağlı suallar veriblər. Milli Məclisin komitə sədri Səməd Seyidov sualları cavablandıraraq insan hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkədə atılan son addımlar haqda qarşı tərəfə ətraflı məlumat verib. O, son dövrlərdə Azərbaycan Prezidenti tərəfindən verilən əfv və amnistiya qərarları, Cinayət Məcəlləsinin humanistləşdirilməsi və mədən sənayesində şəffaflığın təmin olunması ilə bağlı imzalanmış sərəncamlar haqda ətraflı məlumat verib.
Sonda Avropa Parlamenti və Milli Məclis arasında ikitərəfli əlaqələrin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi zərurəti qeyd olunub.