CƏMİYYƏT
Azərbaycan Ağır Atletika Federasiyasının kollektivi uşaq evini ziyarət edib
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) müxtəlif sosial layihələri davam etdirir.
AZƏRTAC xəbər verir ki, federasiyanın reallaşdırdığı layihələrdən biri də Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin 5 saylı Bərpa və Sosioloji Mərkəzinə ziyarət olub.
IV İslam Həmrəyliyi Oyunlarının qalib və mükafatçıları, digər gənc və yeniyetmə medalçı atletlərimiz, AAAF-ın baş katibi Rizvan Rəsulov, Rəyasət Heyətinin üzvü Rəşad Əliyev və federasiyanın digər nümayəndələri Mərkəzə yollanaraq uşaqlar üçün bayram tədbiri təşkil ediblər.
Mərkəzin direktoru Validə Abbasova AAAF-ın nümayəndə heyətinə idman, masaj, psixoloq, loqoped köməyi üçün ayrılmış otaqlar, sensoroterapiya, yemək, yataq və digər otaqlarda uşaqlar üçün yaradılan şərait barədə ətraflı məlumat verib. Atletlərimizə uşaqların böyük həssaslıq və bacarıqla yerinə yetirdikləri əl işləri nümayiş etdirilib.
Rizvan Rəsulov və Rəşad Əliyev uşaqlarla görüşdə çıxış edərək ölkəmizdə insanların rifahı, gələcək nəslin sağlam yetişməsi, həyatda uğur qazanması üçün böyük işlər görüldüyünü qeyd edib, AAAF-ın da bu xeyirxah təşəbbüsə həvəslə qoşulduğunu bildiriblər. Qeyd olunub ki, federasiya belə tədbirləri mütəmadi keçirmək, fiziki məhdudiyyətli, həmçinin köməyə ehtiyacı olan uşaqları cəmiyyətə adaptasiya etmək, onların yeni-yeni zirvələr fəth etməsinə yardımçı olmaq üçün bu cür addımları davam etdirəcək.
Validə Abbasova əlil uşaqlar üçün belə diqqət və qayğının vacibliyini vurğulayaraq, idmançıların Mərkəzdəki balacalara nümunə olduğunu bildirib və bu xeyirxah təşəbbüsə görə minnətdarlığını çatdırıb.
Sonra balacalar üçün maraqlı konsert proqramı təşkil olunub. Tanınmış müğənnilər Elxan Qaraxanoğlu, Günay Şuşalı və Natiq Həziyev oynaq mahnıları ilə gözəl ab-hava yaradıblar. Uşaqlar doyunca oynayıb, əylənib, sevdikləri musiqi sədaları altında yaxşı vaxt keçiriblər. Mərkəzdəki uşaqların özfəaliyyət çıxışları da çox böyük maraqla qarşılanıb. Balaca rəqqasələrin musiqi nömrələri hər kəsin zövqünü oxşayıb, qürur, sevinc hissi keçirməyə səbəb olub.
Sonra uşaqlar üçün süfrə açılıb. Balacalara müxtəlif hədiyyələr paylanılıb.