İQTİSADİYYAT
Azərbaycan İslam Ölkələrinin Maliyyə Mərkəzinin yaradılması ideyasını dəstəkləyir
İstanbul, 26 may, АZƏRTAC
İstanbulun Ümraniyə rayon bələdiyyəsinin təşkilatçılığı ilə İslam Ölkələrinin Maliyyə Zirvəsi keçirilib.
Rəsmi şəxslərin, xarici qonaqların, QHT və KİV təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanı Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təmsil edib.
Tədbirin açılışında Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş, Hadi Rəcəbli, Pakistanın keçmiş Baş naziri Şövkət Əziz, Ümraniyə rayon bələdiyyəsinin sədri Hasan Can çıxış ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, müsəlman aləminin dünyada yerinin və rolunun möhkəmləndirilməsi üçün İslam ölkələrinin ortaq maliyyə mərkəzinin təsis edilməsi zamanın tələbidir. Çıxışçılar İslam Ölkələrinin Maliyyə Mərkəzinin yaradılması ideyası ətrafına fikir və düşüncələrini bildiriliblər.
Azərbaycanın bütün müsəlman ölkələri ilə iqtisadi əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdıran parlamentin komitə sədri Hadi Rəcəbli ölkəmizdəki sağlam sərmayə mühiti, turizm sektorundakı yüksəliş, əlverişli biznes şəraiti və s. barədə ətraflı məlumat verib. O deyib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və ISESCO kimi dünyada böyük çəkiyə malik qurumların üzvüdür. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi müsəlman ölkələri arasında əlaqələrin güclənməsi baxımından çox önəmlidir. Bundan başqa, bu günlərdə uğurla başa çatan IV İslam Həmrəyliyi Oyunlarının böyük peşəkarlıqla təşkili və göstərilən yüksək qonaqpərvərlik, sözün əsl mənasında, müsəlman xalqlarını bir araya gətirdi. Bütün bu tədbirlərə önəm verən Azərbaycan İslam Ölkələrinin Maliyyə Mərkəzinin yaradılması ideyasını tam şəkildə dəstəkləyir. Ümumiyyətlə, Azərbaycan İslam İnkişaf Bankı ilə sıx əməkdaşlığa həmişə böyük əhəmiyyət verib. Ötən 21 ildə bu bank Azərbaycanda gerçəkləşən 18 layihəyə 1 milyard ABŞ dolları məbləğində sərmayə yatırıb. Bankın Beynəlxalq Sərmayə Konfransı 1996-cı ildə Bakıda keçirilib. Azərbaycan İslam İnkişaf Bankının şəffaf fəaliyyətini, sərfəli kredit şərtlərini və sağlam maliyyə siyasətini bütün dünya üçün nümunəvi və faydalı hesab edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Istanbul